İrana qarşı ittiham, yoxsa sadəcə “tənqid”?| Putin heç vaxt sözlərini boş yer ifadə etmir

2024/12/1734760143.jpg
Oxunub: 1196     14:27     21 Dekabr 2024    
“Hələb 350 yaraqlı tərəfindən ələ keçirilib, 30 minlik hökumət qoşunu və iranpərəst birləşmələr isə döyüşsüz sadəcə geri çəkilib”. Bunu Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da keçirdiyi böyük mətbuat konfransında bildirib.

O, amerikalı jurnalistin sualına cavab verərək, Rusiyanın Suriyada məğlub olmadığını bildirib. Rusiyanın məğlub olub-olmaması nisbi sualdır, hərçənd qeyd etmək lazımdır ki, hər bir ölkənin prezidenti kimi Putin də məğlubiyyətini, şübhəsiz, etiraf etməyəcək. Burada Rusiya prezidentinin “iranpərəst birləşmələr”lə bağlı açıqlaması daha çox diqqət çəkir.

Bu, İrana qarşı ittihamdır, yoxsa sadəcə “dişləmə”, “tənqid”dir? Putin bu yolla Əsədin hakimiyyətinin devrilməsinin əsas cavabdehinin Rusiya deyil, İran olduğunu, Rusiyanın isə sadəcə olaraq vəziyyətdən çıxış edərək, öz məsələlərini həll etməyə çalışdığına eyham vurmağa çalışır? Əlbəttə, mürəkkəbdir, lakin Putin heç vaxt sözlərini boş yer ifadə etmir, buna görə də hökumət ordusundan başqa “iranpərəst birləşmələr”in adını çəkirsə, deməli İranı göstərir.

Üstəlik, istisna edilməməlidir ki, burada məsələ hətta məhz Suriya deyil, daha geniş Rusiya-İran gündəmi, xüsusən də böyük strateji razılaşmadır. Sözügedən razılaşma İranın əvvəlki prezidentinin dövründə müzakirə edilib və tamamlanıb, lakin sanki Rəisinin ölümündən və yeni seçilmiş prezident, islahatçı Pezeşkianın vəzifəyə gəlməsindən sonra bloklanıb.

Təbii ki, Pezeşkian dəfələrlə Rusiya ilə əməkdaşlığı davam etdirməkdən danışıb, amma fakt odur ki, böyük müqavilə imzalanmır. Bunun oktyabrın sonunda BRİKS sammiti çərçivəsində Kazanda baş tutacağı açıqlanıb, lakin sonradan daha təntənəli olması məqsədilə Pezeşkianın Moskvaya səfəri üçün ilin sonuna qədər təxirə salındığı bildirilib. Bu izahatın nə qədər inandırıcı olduğunu söyləmək çətindir, amma il başa çatır və Pezeşkian Moskvaya səfər etməyib.

Əlbəttə, İranla Rusiya arasında münasibətlərin pozulmasından danışmaq üçün bəlkə də əsas yoxdur, lakin eyni zamanda aydındır ki, bunda kifayət qədər gərgin əsəb yaranıb və bu, Putinin “iranpərəst birləşmələr”in döyüşsüz geri çəkilməsinə dair çıxışı şəklində ifadə olunur. Bu, Kremllə İranın dini lideri arasında, yoxsa yalnız Kremllə İranın islahatçı prezidenti arasında yaşanan əsəbdir?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   İran  


Bizi "telegram"da izləyin